Rafael Ağayev: "Qələbəmi Azərbaycan xalqına və körpəmə həsr edirəm"

7
0
magic006

"Qələbəmi bütün Azərbaycan xalqına və yeni doğulmuş körpəmə həsr edirəm". APA TV-nin xəbərinə görə, bunu karate üzrə qızıl medalçımız Rafael Ağayev jurnalistlərə açıqlamasında deyib.

O, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında əldə etdiyi bu qələbəyə çox sevindiyini və İslamiadalarda 3-cü medalı qazandığını deyib: "Sevincimi bütün Azərbaycan xalqı ilə bölüşürəm. Çox sevindirici haldır ki, prezident İlham Əliyev gəldi dəstək oldu. Sağ olsunlar. Elə bir hissdir ki, bunu gərək yaşayasan, sözlə ifadə etmək olmur. Çox sevinirəm. Elə şeylər var ki, pərdə arxasında görsənmir. Əziyyətdir, travmalardır, zədələrdir. Amma bu yerə gəlməyimiz tək mənim gücüm deyil. İlk növbədə ailəmə, müəllimlərimə çox sağ olun deyirəm. Bu, Azərbaycan xalqının, millətimizin sevincidir. Hamı bilirdi övladım olub, gözəl hissdir. İlk dəfə idi, bu da başqa hissdir. Hamıya qismət olsun".

Digər qızıl medalçımız Fəridə Abıyevadır. O, 61 kq çəki dərəsində bütün rəqiblərinə qalib gələrək, yarışların çempionu tituluna yiyələnib. Fəridə yarışlara çox ciddi hazırlaşdığını və bütün görüşlərdə həyəcanlı olduğunu deyib: "Final döyüşümə də çox güclü hazırlaşırdım. Baxmayaraq ki, sakit çıxdım döyüşə, amma gördüyünüz kimi möhtəşəm qələbə ilə İran idmançısının üzərində qalib oldum. Sevincimin həddi-hüdudu yoxdur".

Fəridə Abıyeva bildirib ki, ən çətin döyüşü yarımfinalda Özbəkistan idmançısı ilə olub: "Bundan qabaq iki dəfə görüşüb məğlub olmuşdum. Burada mən ona məğlub ola bilməzdim, çünki Azərbaycanda döyüşürdüm. Məsuliyyətli döyüş yarımfinal döyüşü idi. Qalib gəldim".

İki idmançımız isə tatamidən bürünc medalla ayrılıb. Firdovsi Fərzəliyev və Nuranə Əliyeva İslam Həmrəyliyi Oyunlarında 3-cü olub.

Firdovsi Fərzəliyev finalda məğlub olmasından təəssüfləndiyini bildirib: "Yarışlar çətin olur, asan rəqib yoxdur. Çox heyiflər olsun ki, finala çıxış zamanı bir xal hesabı ilə türkiyəli idmançıya məğlub oldum. O da mənim taktiki səhvim nəticəsində oldu, amma sonrakı bürünc medal uğrunda vuruşdum. O da təcrübəli rəqib idi, qalib oldum. Şükür, medalsız qalmadım, evə medalla gedirəm, ailəmi, xalqımı sevindirdim. Medalı ailəmə, xalqıma həsr edirəm".

Nuranə Əliyeva isə revanş əldə etdiyinə görə sevinir: "Həmişə öz vətənimdə döyüşlər çətin olur. Mən III İslam Oyunlarında üçüncü yer uğrunda hakimlərin qərarı ilə qələbəni İndoneziyaya vermişdim. Həmin revanşı ondan aldım. Buna görə çox sevinirəm. Medalı, anamın ad günüdür, ona həsr edirəm. Anam evdən çıxanda anam dedi ki, neynirsən elə, o medalı mənim üçün qazan".

Qeyd edək ki, digər xanım idmançımız İlahə Qasımova (55 kq) da finala yüksəlsə də, həlledici qarşılaşmada uduzub. O, yarışı gümüş medalla başa vurub.

0 Şərh(lər)

  1. Şərh yazılmayıb

Şərh yaz